Bu il Ukraynaya edilən hücumlarda Rusiyanın Şimali Koreya ilə əməkdaşlığı ciddi şəkildə üzə çıxıb. Şimali Koreya istehsalı olan KN-23 ballistik raketləri Rusiyanın 2024-cü ildə Ukraynaya qarşı hücumlarında səmərəli istifadə edilib. Uzun müddətdir ki, ABŞ başda olmaqla, Qərb ölkələri tərəfindən müxtəlif embarqolara məruz qalan Şimali Koreya silah-sursatında Qərb ölkələrindən aldığı xammaldan istifadə edir.

Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) məlumatına görə, il ərzində Ukraynaya qarşı atılan 194 ballistik raketin təxminən üçdə biri olan 60 raket Şimali Koreya istehsalı olan KN-23 raketləri olub. Bu onu göstərir ki, Rusiya Ukraynadakı hücumlarda ballistik raketlərdən istifadəni artırarkən, qanadlı raketlərə daha az müraciət edir.
Ukrayna HHQ-nin kommunikasiya direktoru Yuri İhnat açıqlamasında deyib: “Yazdan bəri Rusiyanın Ukraynaya hücum etmək üçün daha çox ballistik raketlərdən və kamikadze tipli pilotsuz uçuş aparatlarından istifadə etdiyini gördük. Qanadlı raketlərdən isə daha az istifadə edir”.
Maraqlıdır ki, Şimali Koreya tərəfindən hazırlanmış KN-23 ballistik raketlərinin tərkibində Qərb ölkələrindən alınan komponentlər var. Ukraynanın Müstəqil Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının hesabatına görə, bu raketlərdə istifadə edilən kritik hissələrdən 9-nun Qərb istehsalçıları tərəfindən istehsal olunduğu müəyyən edilib. Bu şirkətlər arasında ABŞ, Niderland və Böyük Britaniyada yerləşən şirkətlər seçilir.
Hesabatda tədqiq edilən KN-23 raketlərinin bəzi hissələrinin 2023-cü ildə istehsal edildiyi və bu hissələrin qısa müddətdə Şimali Koreyaya çatdırılmış ola biləcəyi açıqlanıb.
Xarkovda tədqiq edilən KN-23 raketində 290-dan çox xarici istehsal elektron komponent aşkar edilib. Araşdırma nəticəsində məlum olub ki, bu komponentlərdən 50-si unikal modeldir və 8 müxtəlif ölkədə (Çin, Almaniya, Yaponiya, Niderland, Sinqapur, İsveçrə, Tayvan administrasiyası və ABŞ) yerləşən 26 şirkət tərəfindən istehsal edilib.
ABŞ və Avropa şirkətlərinin rolu
Müəyyən edilmiş komponentlərin təxminən 75%-nin ABŞ-də yerləşən şirkətlərə məxsus olduğu müəyyən edilib. Avropada qeydiyyatdan keçmiş şirkətlərin payı 16% olduğu halda, Asiya mənşəli şirkətlərin payı 9% olaraq qeydə alınıb.
KN-23 ballistik raketlərinin arxasındakı bu xarici hissələr göstərir ki, beynəlxalq sanksiyalara baxmayaraq, Şimali Koreyanın Qərb komponentlərinə çıxışı var və Pxenyan bunlardan hazırladığı raket sistemlərində istifadə edir.
Sevinc Əliyeva
Ordu.az